Rəfiqəm Cenni mənə ən gözəl ad günü hədiyyələrindən birini verdi. Xeyr, qırış kremindən danışmıram. *çönüb güzgüyə baxıram. Yox, hələ qırışsız bir 2-3 ilim var* Cenninin hədiyyəsi isə Dünyadakı Qadınlar (Women in the World) sammitinə bilet idi. Srağagün sammitə bir yerdə getdik.
Oturub tədbirin başlamağını gözləyirik və artıq neçə aydır Cenninin ən böyük problemi olan məsələni bir daha müzakirə edirik – üç həftə sonra doğulacaq oğlunu sünnət etsin, ya etməsin (yəhudilərdə də sünnət adəti var).
Qarşı oturacağa qəhvəyi dərili, gözəl bir qız keçir, söhbət arası qızın rəngli, şıq donunun fərqinə varıram. Qız oturur. Bir neçə saniyə sonra yanındakı sarışın qadın qıza nəsə deyib onun pencəyini qızın çiyninə salır, bu biri tərəfində oturan qadın da ona kömək edir. Mən çaşqınlıqla qadınların onun tanışı və ya qohumu olduğunu düşünürəm, amma yox, qız zala tək girmişdi.
Bir azdan qız saçlarını düzəldir, onda heyrətə gəlirəm – onun əlləri yoxdur. Daha Cenninin Harvardda dərs deyən pakistanlı uşağını niyə sünnət etdirmədiyini eşitmirəm. Donub qalmışam. Bu qız bir azdan telefonunu çıxarır, selfi çəkir. Qolunun ucu ilə iPhone-unda şəkli filterləyir, özünü gözəlləşdirir. Mən heyrətdən gözümü ondan çəkə bilmirəm. Boylanıb telefonuna baxıram (nə də olmasa azərbaycanlıyam, başqalarının işinə qarışmaya bilmirəm 😉 ). Qız şəklini İnstaqramda paylaşır. Çoxlu izləyiciləri və şəkilləri olduğunu görürəm.
Konfrans başlayır. Əfqanıstanın Birinci Xanımı danışır. Əfqanıstanda müharibə dövründəki aclıqdan danışır. Mən o qızı düşünürəm. Görəsən indi acdırmı? Çöldə pulsuz çipslər və şokoladlar qoyulub, onları ürəyi istəyibmi görəndə? Götürüb aça bilmədiyi üçün yan keçibmi?
Növbəti panel Afrika haqdadır. Boko Haram və Əl-Şababın qadınlara etdiyi vəhşiliklər haqda danışırlar. Bu təşkilatların qurbanları olan qızlar evlərinə qayıtsa da icmaları onlara ümumi bulaqdan su içməyə belə icazə vermədiklərindən gedir söhbət. Mən o qıza baxıram. Susuzdurmu görəsən? Mən 1 şüşə suyu içib qurtardım, bəs o çöldəki sudan alıb içmək istəyirmi görəsən? Aça bilmədiyinə görəmi almayıb?
Ürəyim suallarla doludur – görəsən saçlarını necə yuyur? Heykəltəraş olmağı arzulayıbmı? Maşın sürə bilirmi? Anasına nə qədər çətindir görəsən? Nə vaxtsa əlləri var idimi? Toxunduğu əşyaların hissiyyatı yaddaşındadırmı görəsən?
Amma qıza yazığım gəlmir. Ona heyranam. Bu qədər çətinliklərə baxmayaraq nə qədər mətindir! Bilet alıb və tək başına konfransa gəlib. Köməksiz, özü. Əllərinin olmamasını bəhanə edib evə qapılmır, ayaqları olduğunu dəyərləndirib həyatını dolu yaşayır.
Mətanətlidir!
Cəsarətlidir!
Həmin 3 saat içində paneldəkilərin danışdıqları gözlərimi dünyaya açdı. Amma bu qız səssizliyi ilə mənə həyat dərsi verdi. O qızdan bilirsiniz nəyi öyrəndim?
İMKAN VERMƏMƏYİ!
Əlsizliyinə onu evə qapamasına imkan vermir.
Əlilliyinə həyatını korlamağa imkan vermir.
Limitlərinə gələcəyinin qarşısını kəsməyə imkan vermir.
Bəs biz öz çatışmamaqlarımızı bizi limitləndirməyinə nə qədər imkan veririk?
Hamımızın bir fiziki fərqliliyi, çatışmamazlığı və ya maddi imkansızlığı var. Hamımızın bir BƏHANƏSİ var. Bəs biz bu bəhanələrə həyatımızı limitləndirməyə nə qədər imkan veririk?
Getmək istədiyimiz yerləri, həyata keçirmək istədiyimiz arzuları hansı bəhanələrlə sabaha, birigünə saxlayırıq?
“Həyat çətindir”, “bezmişəm”, “nə vaxta qədər belə olacaq?!” sözlərini əllərimiz neçə dəfə yazıb?
Dünyanın hansısa yerində isə bir qız qolları ilə öz dünyasını dəyişir…
P.S. Bu yazını yazandan sonra o qızı təsadüfən Tvitterdə (@malvikaiyer) gördüm. Nyu Yorka Hindistandan gəlibmiş. Əllərini 13 yaşında ikən partlayışda itirib, amma ümidsizliyə qapılmayıb. Ali təhsil alıb, doktorluq dərəcəsi var, TEDx çıxış edib, sosial işçi kimi işləyir və hətta modellik edir.
ellerinize sağlıq, çox tesirlendim yazıdan.Qızın ad,familiyasın da yazardız zehmet olmasa
teshekkurler. Yazinin sonuna linkler elave etdim. Malvika Iyerdir adi
Şəbnəm xanım, zəhmət olmasa qızın adını ya TEDx -da çıxış etdiyi videonu paylaşardınız..
yazinin sonuna linkler elave etdim.
Daha bir əla yazı. Hello kishide yeni nəsə olanda mənə notification gəlir və həmişə o gələndə çox şad oluram ki nəsə maraqlı bir yazı oxuyacam. Yazın və maarifləndirin insanlarımızı 🙂
Xariqüladə!.. Sevirəm də sizin bu yazı qaydanızı. İnsanı axıra kimi oxumağa sövq edir. Və yazdığınız şeyi gözlərimin önündə canlandırdım. 1-2 dəqiqə də olsa böyük qatqısı oldu mənə. çox sağol Şəbnəm 🙂
❤️❤️❤️
Her yazinizdan yeni bir sey oyrenirem. Ellerinize sagliq ! ^_^
Şəbnəm xanım,yeganə insansınız ki,yazılarınızdan müsbət enerji alıram.Pafossuz,reklamsız,öz həyatını başqalarına nümunə gətirmədən,ürəkdən insanları pozitivliyə çağırırsız.Var olun 🙂
Sizi bilmirəm, şəxsən mən, Nik Vuyçiçi görəndən sonra, artıq nə isə barədə ah, off etməyə utanıram. Hətta fikir vermişəm etmirəm belə. Bu insanın nəinki əlləri, heç ayaqları da yoxdur. Amma necə nikbin həyata baxışı var, daim irəli gedir. Üstəlik digərlərinə də motivasiya verir.
Bu linkdən onun barəsində öyrənə bilərsiz. Mən onun haqda sənədli filmə baxmışdım, möhtəşəmdir.
http://the-most-beautiful.ru/?q=nik-vuychich-biografiya-zhena-i-rebenok-nika-vuychicha.html