Rəfiqəm Ally hər mən rəqs eləyəndə videoya çəkib anasına göndərir, mənə də deyir ki, “Sənin qədər gözəl rəqs edən görməmişəm, anamın da ürəyi gedir“. Ally mənim rəqsimi kompliment eləyəndə mənə həmişə elə gülməli gəlir, ağlımda yarım saniyəlik 9 yaşıma qayıdıram, Səyyah rəqs ansamblında taxta kimi rəqs etməyim, ansambldakı Oksananın ideal şpaqat açmağı, mənim isə üçbucaq şpaqatım, Oksananın həmişə ön cərgələrdə, mənim isə arxada rəqs etməyim düşür, Allyyə cavab verirəm ki, “yaxşı görək, belə absurd şeylər danışma“.
Keçən dəfə də başqa rəfiqəmə ad günü kartı yazmışam, o deyir “sənin nə gözəl əl yazın var“. haha “çox sağ ol” deyirəm, amma həmişə əl yazısından Südabə müəllimədən tənqid alan biri olaraq buna yenə inanmıram.
Yoqa dərsində müəllim deyir “sən yoqa pozalarını çox gözəl qavrayırsan“. Mənə yenə gülünc gəlir. Səyyah. Şpaqat. Oksana.
Kimsə mənə “gözəlsən” deyəndə geriyə “oy, nə danışırsız, axı burnum yekədi, axı qulağım əyridi, axı saçım zırtdı, boğazım pırtdı“… Halbuki veriləcək bir cavab var: “Çox sağ olun!” O qədər də çətin deyil, Şəbnəm, elə deyilmi? “Çox sağ olun!”
Sanki 18 yaşına qədər kim olmuşuqsa ömürlük o insan olacağıq. Əgər 18 yaşına qədər tennis oynamamışıqsa indi də çalışsaq belə alınmaz. Uşaqlıqda bizi dinləməyiblərsə indi də fikrimizin önəmi yoxdur. Uşaqlıqda kasıb olmuşuqsa indi yüksək maaş tələb eləyə bilmərik, imkanlı yaşamağı haqq etmirik.
Keçən il Havay adalarında çox gözəl rezorta səyahət elədik. Bu otel tam özünüinkişafa, özünükəşfə həsr olunub və gün ərzində çoxlu dərslər götürmək olur. Ordakı müəllimlərdən biri dedi: “Sən bura kim olaraq gəlmisənsə o insan olaraq getmək məcburiyyətində deyilsən. Hər gün yeni insan olmaq seçimi sənin əlindədir.“
Kim olaraq böyümüsənsə o insan olaraq yaşamaq məcburiyyətində deyilsən!
Beynində özün və bacarıqların haqqında limit hiss eləyən kimi o limiti sual elə. “Həqiqətən bu cürəmmi? Bu inanc hardan yaranıb? Bəlkə tam əksiyəm? Bu inanca sahib olmaq üçün əksini neçə dəfə cəhd edib uğursuz olmuşam?” Cavablar adətən uşaqlıqdan yaranan hansısa güvənsizlikdə dayanacaq.
Beynini aç..
Kim olmusan yox, kimsən və kim ola bilərsən-ə aç.
Əslində, sən gözəl rəqqasəsən, savadlı insansan, sənin fikrin önəmlidir, cəsursan, bədənin idman üçün yaranıb, uğurlu sahibkar ola bilərsən, yaxşı ana/ata ola bilərsən, ailə qurmağı seçməsən bu da ok-dir, valideynlik hamı üçün deyil, sən sevilirsən, sən lidersən, sən yaşadığın mühiti dəyişə bilərsən, istəsən xaricdə yaşaya bilərsən, sən güclüsən, həyatın öz əlindədir, sən bacarıqlısan, ağıllısan, pozitivsən, gözəlsən, sevilirsən.
Özünü kim olaraq tanıyırsan? Dünənə qədər kim idin?
Bəs bu gün kim olmağı seçirsən?
Özünü tanıdığını düşünürsən?
Bir də düşün.
Gözəl yazı idi və tam da bu sualları düşündüyüm anda həyatdan mesaj kimi gəldi. Məncə Şəbnəm siz yazmağa davam etməlisiz, bu sizdə çox gözəl alınır.