Bu gün 20 yaşlı İsanın gey olduğu üçün gördüyü təzyiqlərə görə özünə qəsd etməsi haqda xəbər yayıldı. Bu məqaləni ona ithaf edirəm.
İlk dəfə gey olan biri ilə tanışlığım 7 il əvvəl Amerikaya gəldiyim ayda olmuşdu. Adı Aleks idi. Yanımda otururdu, mən ona vurulmuşdum.
O isə bir gün mənə boyfriend-indən danışmağa başladı. Mən çaşdım, başa düşmədim, suallar verdim, o danışdıqca hiddətləndim, inanmadım, inana bilmədim. Mən Aleksin niyə gey olduğunu başa düşmürdüm və başa düşmədiyim bir şeyə görə ona nifrət etmək haqqım yox idi.
Dərsdən çıxıb qaça-qaça məni ən çox başa düşən birisinin yanına qaçdım. Google. Araşdırmağa başladım, sənədli filmlərə baxdım, kitablar oxudum. Bir filmdə beş yaşındakı Maksdan danışılırdı; səhv bədəndə doğulduğu üçün özünə qəsd etməyə çalışmışdı. Anası deyir ki, o maşın yox, barbilərlə oynamaq, saçını uzatmaq, yubka geyinmək istəyirdi, valideynləri onu başa düşmürdü, ondan utanırdılar. Maks belə doğulmuşdu, onun yerində mən də ola bilərdim. Məni dəhşət basdı.
Bəs mən onun yerində olsaydım nə edərdim?
Nyu Yorkdakı dostlarımdan biri gey oğlandır. 2 yaşından hər Hallouin bayramında çəhrayı kostyum geyinmək istəyirdi. Mən onu çox istəyirəm. O tanıdığım ən pozitiv, istiqanlı, yaradıcı adamlardan biridir. Əgər mən istədiyim insanla ailə qura bilirəmsə, niyə o bundan məhrum olmalıdır? Başqasının xoşbəxtliyinə qarışmağa, başqalarını əzməyə nə qədər haqqımız var?
Gey olmaq seçim deyil.
Nyu Yorkda bir neçə ay öncə gey toyları qanuniləşdirildi. Bəzi ekstremistlər buna qarşı qatı çıxışlar etdilər, bəzi dindarlar alçaldıcı sözlər dedilər, mənim isə ağlımda bir sual dolaşırdı: ‘Bəs sən gey doğulsaydın nə edərdin?’
P.S. Azərbaycanda bu gün onlarla (bəlkə də yüzlərlə) cinsi azlıq yaşayır. Çıxıb onların hüquqları üçün mitinq etməyinizi istəmirəm, sadəcə susun… Onları əzməyin, sıxışdırmayın. Bizdən fərqli olan insanlarla birlikdə yaşamağı öyrənməliyik. Sən də fərqlisən, mən də fərqliyəm, hərəmizin bir rəngi var. Gələn dəfə gey olan birinə hörmətsizlik etməzdən əvvəl düşün – Bəs mən gey doğulsaydım nə edərdim?


