
Hello Kishilər vətəni Yaponiyadan salamlar!
Yeni il Tokyoda turistlər üçün maraqsız ola bilər – hər yer bağlıdır, heç bir atəşfəşanlıq olmur və yaponlar bayramı ailələri ilə evdə keçirirlər. Mən də bu gün oteldə oturub öz ailəmə – sizə yeni il yazısı yazmaq həvəsindəyəm. Yeni ili gözəl başlayıb uğurlu bitirmək üçün 4 addım.
1. Sevmədiyin vərdişini dəyişmək üçün 21 gün məşq et.
Hər birimizin özümüzə qoyduğumuz limitlər var. Özümüzü inandırmışıq ki, nələrisə bacarmırıq.
‘Mən punktual deyiləm’, ‘rəqs etməyi bacarmıram’, ‘insanlarla dil tapmaq mənimçün çətindir’, ‘səhər adamı deyiləm’, ‘yemək bişirə bilmirəm’…
Xeyr, sən dünənə qədər bütün görüşlərə gecikirdin, rəqs etməyə kompleks edirdin, gecə gec yatdığın üçün səhər oyana bilmirdin… Bu gün sən yeni insansan.
Beyin kompüter kimidir, ona hansı proqramı versən o cür də işləyəcək. Son araşdırmalar göstərir ki, hansısa müsbət vərdiş qazanmaq istəyirsənsə onu 21 gün təkrar etməlisən. 21 gün ərzində bütün görüşlərə və işə düz vaxtında get. Yaxşı qiymət almaq üçün 21 gün davamlı dərslərin üzərində çalış. Hər günün sonunda inkişafını təhlil et. 21 gün sonra bu artıq səndə adət halı alacaq. Yeni insan olmaq, istədiyin cür insan olmaq üçün 21 gün lazımdır!
2. Komfort zonandan kənara çıx.
Yadındadırmı uşaq vaxtı sən hər şeylə maraqlandırdın, yeni kitablar, yeni oyuncaqlar, yeni dostlar səni sevindirirdi, yeni heyvan şəkli çəkməyi öyrənəndə həvəslənirdin, yeni təcrübələrə can atırdın. Amma vaxt keçdikcə həyat təcrübəsi yığdın, müəyyən tip insanlarla dostluq etməyə başladın, yalnız müəyyən tədbirlərə gedirsən, yalnız romantik kitablar oxuyursan…
Bunlar sənin komfort zonanda olan şeylərdir – komfort zonasının kənarındakı insanlar, hadisələr səni qorxudur. Biz təbii olaraq komfort zonasında özümüzü rahat hiss edirik, amma bu zona get-gedə daralır.
Onu güclə böyütməlisən – ilham aldığın, bəlkə də həsəd apardığın insanlara yaxınlaş, özünü narahat hiss edəcəyin tədbirlərə get, yarışlarda iştirak et, özünü çətinliklərə sal, yetər ki, komfort zonandan kənara çıx. Çünki geniş komfort zonası:
- Sənin düşüncəni və həyata baxışını köklü şəkildə dəyişəcək
- Çətinliklərlə qarşılaşanda cavab mexanizmini gücləndirəcək
- Səni daha xoşbəxt insan edəcək
3. Minnətdar ol
Gəl səninlə virtual bir test edək, amma mən dediklərimə əməl etməlisən (kompüter arxasında oturaraq), sonrakı hissələri oxumamaq şərti ilə. Başlayaq.
Birinci addımı oxu, orda yazılanlara əməl et və sonra ikinci addımı oxu, daha sonra üçüncünü. Birinci addım – 20 saniyən var, ətrafına nəzər yetir, otaqdakı qara rəngdə olan bütün əşyaları yadda saxla, 20 saniyə sonra qayıt 2-ci addımı oxu. İkinci addım – İndi isə heç bir yerə baxmadan birbaşa gözlərini yum və ağ rəngli əşyaları saymağa başla. Daha sonra üçüncü addımı oxu. Üçüncü addım – Gözlərini aç. Ətrafa bax. Ağ rəngli nə qədər əşya var imiş, elə deyilmi?
Bu testi dostlarınla da et. Nəticə səni heyrətləndirəcək. Gündəlik həyatımızda da belədir, biz mənfilikləri axtara-axtara həyatdakı müsbət şeyləri görmürük. Paxıl rəfiqə, kobud satıcı, partlamış təkər otaqdakı qara əşyalar kimidir, əgər biz yalnız onları axtarsaq, onları da görürük və düşünürük ki, pisliklər bizim başımıza gəlir və həyat çətindir.
Amma diqqətlə baxsaq bizi sevən ailəmiz, gözlərimiz, səhər aldığımız isti çörək və minnətdar olmalı yüzlərlə başqa şey var. Boş vaxtın olan kimi təşəkkür etdiyin şeylər haqda düşün. Bədəninin suya ehtiyacı olduğu kimi ruhunun da təşəkkürə ehtiyacı var. Bunu adət halına çevir.
4. Arzularını yaz
Keçmiş məqaləmdə arzuları yazmağın gücündən bəhs etmişdim. 6 ay sonra özünü harada görmək istəyirsən? Həyatında hansı dəyişikliklər istəyirsən? Yazmaq çox önəmlidir, bu beynini konkret məqsədlər üçün proqramlaşdırır. Yazarkən komfort zonandan kənara çıx. Böyük arzulamağa cəsarət et.
Sən indikindən qat-qat böyük uğurlara layiqsən və bunu bacararsan!
Böyük düşün, böyük arzula.
Arzuların səni qorxudursa, deməli sən dünyadakı 99% insandan irəlidəsən.
Arzuların üçün çalış, inan və pozitiv ol.
Bil ki, istəyəndə yol tapılır, istəməyəndə isə bəhanə.

