Nəyə görə iş müsahibəsindən kəsilmişdin? Nəyə görə insanlar qarşısında çıxış edəndə yenə çaşdın və qızardın? Niyə ən vacib görüşə gedəndə keçən maşının təkərindəki palçıq uçub məhz sənin paltarına yapışdı? Nəyə görə hər dəfə tələsəndə təndirə düşürsən? Axı əvvəldən özünə dəfələrlə demişdin “Bu müsahibədən kəsilmə”, “O çıxışı edəndə həyəcanlanma”, “Tələsmə”. 
Gələcək ilk öncə bizim beynimizdə qurulur.
Sən müsahibədə həyəcanlı olacağını düşünürsənsə və özünə dəfələrlə “Həyəcanlanma!” əmri verirsənsə, sənin şüuraltı beynin həyəcanlanmaq haqda düşünür.
Əgər sevgini axtarırsansa və qarşına yalnız uğursuzların çıxdığına inanıb “Bircə bu da simic/avara/savadsız olmasın” deyə düşünürsənsə qabağına məhz simic/avara/savadsız biri çıxacaq.
Dostlarınla boulinq oynamağa getmisənsə və hər dəfə topu atanda “Bu dəfə də sıfır xal qazanma!” düşüncəsi ilə xəttə yaxınlaşırsansa oyunu uduzanda təəccüblənmə.
Uğur qazanmaq istəyirsənsə uğurlu ssenariləri düşünməlisən. Vacib bir görüşə gedirsənsə o insanın qarşısında özünü utandırmamaq üçün çalışmaq əvəzinə görüşün uğurlu keçəcəyi haqda düşün. Qonaqlıq təşkil edirsənsə bişirəcəyin yeməklərin dadsız alınacağından qorxmaq əvəzinə hamının sənin yeməklərindən zövq alıb tərifləyəcəyini təsəvvür et. O zaman:
– Sən özünə daha inamlı olursan
– Uğurlu olmağına mane olacaq həyəcan, stress, qorxu yoxa çıxır
– Beynində yaxşı ssenari qurduğun üçün uğur sənə real gəlir və ona daha yaxın olursan
Öz danışığına fikir ver.
Öz düşüncələrinə fikir ver.
Onları diqqətlə seç.
Yalnız o zaman hadisələr dəyişəcək.
Yalnız o zaman nəticələr dəyişəcək.

