15 illik bir dostum var (hə, qocalmışam deyəsən). 2 il əvvəl evlənmişdi. Srağagün mənə Facebookda mesaj yazıb. “Şəbnəm, mən onu daha sevmirəm. Ayrılmaq istəyirəm. Mən nə edim?”
Sizin üçün hekayənin əvvəlini danışım. Bu oğlan o qız üçün dəli-divanə idi. Hər gün evlərinin qarşısında gözləyib onu işə aparırdı, sonra evə gətirirdi. Ən gözəl gülləri, hədiyyələri ona alırdı. O qız haqda şeirlər yazırdı. O qız üçün serenada belə yazmışdı. Qız da axırda əridi, razılaşdı, 1 ay sonra evləndilər.
“Şəbnəm, mən onu daha sevmirəm. Ayrılmaq istəyirəm. Mən nə edim?” Təəssüf ki, Facebookda yalnız ‘dürtmələmək‘ funksiyası var, ‘şillələmək‘ funksiyası yoxdur (məndən asılı deyil, dostlarım kədərli olanda mən hirslənirəm. Yanlarında ola bilmədiyim üçün və ya elə sadəcə kədərli olduqları üçün). Cavab yazdım.
“Qadan alım, sən ona hələ də gül alırsanmı?”
“Yox, vaxtım yoxdur. İşlərim çoxdur son vaxtlar. Həm də nə gül? Deyirəm sevmirəm daha onu.”
“Bəs onu işə aparıb-gətirmək necə?”
“Özü gedib-gəlir. Ehtiyac qalmır.”
“Bəs yaxşı, bir yerdə kinoya gedirsinizmi?”
“Dedim axı, işlərim çox olur.”
“Bəs onu dinləyirsənmi? Gününün nə cür keçdiyini soruşursanmı? O stressli olanda kürəyini ovxalayırsanmı?”
“Yox.”
“Bəs sənin üçün yemək bişirəndə, köynəyini ütüləyəndə təşəkkür edirsənmi?”
“Yadıma düşmür.”
“Sənin problemin aydındır. Sən sadəcə onu sevməlisən.“
“Dedim axı sevmirəm onu.”
“Sevmək yalnız emosiya deyil. Sevmək hərəkətdir. İlk tanış olduğunuz vaxtlar bir-birinizə qarşı hiss etiyiniz hisslər simpatiyadır, sonradan bir-birinizə göstərdiyiniz diqqət, qayğı, hörmət, dəstək nəticəsində o hisslər güclənib sevgiyə çevrilir.
Vaxt keçdikcə sənin göstərdiyin qayğı və diqqət azaldıqca sevgi də zəifləyir. Ona görə də sən onu sevməlisən. Ona güllər almalısan. Sürpriz şam yeməyinə aparmalısan. Cibinə gizlicə sevgi açıqcası qoymalısan. Onu dinləməlisən. Saçını oxşamalısan. Qucaqlamalısan. Öpməlisən. Sevgi bunlar nəticəsində yaranır.”
Vüsalla mənim toyuma 1 həftə qalmışdı, bir ağbirçək nənə mənə dedi ki, “ay bala, sevgi zad boş şeydi, hamısı toydan sonra keçib gedir, əsas odur paltarlarını yu, yeməyini bişir.” Ay nənə, problem ondadır ki, toydan sonra insanlar tənbəlləşir, bir-birinə əvvəlki diqqətin 10%-ni belə göstərmirlər.
İnsanlar başa düşmür ki, sevgi də insan kimidir. Onu yedizdirməlisən, yumalısan, bəzəməlisən, onda o böyüyəcək, güclənəcək. Bu yalnız oğlan-qız münasibətlərinə aid deyil. Dostluq, ailədə də belədir.
Sevgi jestlərdir.
Sevgi hərəkətlərdir.
Bunların nəticəsində hisslər yaranır.
Əgər Disney kinolarına baxıb ağ atlı şahzadənizin gələcəyini və ömür boyu bir-birinizi dəli kimi sevəcəyini düşünürsünüzsə, bunu reallaşdırmaq mümkündür. Amma çoxlu iş tələb edir. Çoxlu hərəkət tələb edir. Səhər işdən çıxıb axşam evə qayıdıb yatanda, həftəsonlarını futbola baxaraq keçirəndə mətbəxində yaşayan milçəklər və tarakanlar belə öləcək. O ki qaldı sevgi…
Odur ki, sevgilisi, həyat yoldaşı, valideynləri və ya dostu ilə münasibətlərinin pis getməsindən şikayətlənən oxuyucum, sadəcə olaraq SEV!
Diqqət göstər.
Sürprizlər et.
Hədiyyələr al.
Bir yerdə əylənməyə gedin.
Onun üçün bir şey et.
ONU SEV!
Hərəkətinlə sev. Sözünlə sev.
Və bundan sonra mənə yazdığınız mesaj yalnız belə başlasın – “Şəbnəm, mən onu o qədər sevirəm ki…”



