Bağışlayın, bu gün ruhlandırıcı və pozitiv yazı yazmayacam. Çox-çox təəssüf hissi ilə Aytac Babayevadan danışmaq istəyirəm. 11-ci sinif şagirdi, 17 yaşlı qız. Bir oğlanı sevib, 1 il görüşüb və sonradan ayrılıb. Ondan ayrılmağını “qeyrəti” götürməyən oğlan Aytacı bıçaqlayıb öldürüb.
Hekayənin bir tərəfində şərəfsiz, qansız bir qatil, o biri tərəfində xəstəni sevmiş bir qız, bir tərəfində də qızın oğlanla olan şəkillərinin altına “bu cür qıza yaxşı olub”, “onu bıçaqlamaq az idi” kimi şərhlər yazan Facebook “əjdahaları”.
Təəssüf ki, aramızda hələ də OĞLANLA GÖRÜŞMƏYİN İNSAN ÖLDÜRMƏKDƏN DAHA PİS ŞEY OLDUĞUNA İNANAN, oğlanla əl-ələ gəzməyin məsum qızı bıçaqlamaqdan daha biabırçı bir şey olduğunu düşünən DANA (Despressiv, Aqressiv, Neqativ Adam) yığını var.
Məhz bu cür DANAlardır ki, təhsilsiz, avara gəzir, cəmiyyətə heç bir xeyri yoxdur, özünü əjdaha sayır, əslində isə qoyundan bir fərqi yoxdur, bu cür danalardaır ki, həyat yoldaşına əl qaldırır, basabas avtobusda başqasının qadınına əl vurur, bu cür danalardır ki, cəmiyyəti aşağıya sürükləyir, hər şeyi və hamını pisləyir, həmişə depressiyadadır.
Bu danaların kökünü kəsməyin iki yolu var:
1. Bu cür mesajlar yazanlara cavab verin, onları susdurun, bu cür sözlər yazmağın düzgün olmadığını bildirin. Belə insanlarla üzləşməkdən qorxmayın, öz sözünüzü deyməkdən çəkinməyin. Bu cür yazılar yazan saytlara girməyin, retinqlərini artırmayın, reklam qazanmaqlarına kömək etməyin.
2. Bu cür oğullar böyütməyin. Oğlunuzu oxumağa, təhsil almağa məcbur edin. Qızlara hörmət öyrədin. Ev işləri gördürməkdən çəkinməyin, qoyun müstəqil böyüsünlər. 14-15 yaşlarından yay tətillərində işləməyə yollayın, ofisiantlıq etsinlər, satıcılıq etsinlər, əməksevərlik, sadəlik, çalışqanlıq öyrənsinlər. Onları kral kimi böyütməyin, onlar güləndə “kişi gülməz, ağır ol” deməyin. Həyatdan zövq almağı öyrədin. İnsanları sevməyi, açıqdüşüncəli olmağı öyrədin.
3. Özünəgüvənli qızlar böyüdün. Sizi özünə ən yaxın dost bilən qızlar böyüdün. Həyatlarında baş verən şeyləri sizinlə paylaşsınlar, onda onları bu cür sevgililərdən qorumaq imkanınız var. Qızlarınıza cəsarət öyrədin. Eyni zamanda onları pis hadisələrə hazırlayın, dünyanı çəhrayı görməsinlər.
4. Özünüz cəsarətli olun. Qızlara hörmət edən, qızlar haqqında pis danışan oğlanlarla üzləşməkdən qorxmayan, hər qıza “gəzən bədən” kimi baxmayan, başqalarından bir pillə yuxarıda duran bir oğlan olun. Qızlar, bu cür boş-boş danışanlara baxmayaraq oğlanlarla görüşün, sevin, qonşunun nə deməsinə fikir verməyin. Gözüyumulu sizə elçi gələn birinci oğlanla evlənməyin. Bir neçə dəfə sevin, tanıyın, tələsməyin. Başqalarının fikrindən qorxmayın, cəsarətli olun. Siz özünüzə nə qədər güvənli olsanız başqaları sizi bir o qədər az müzakirə edəcək.
Belə hadisələr baş verəndə yazılarımın ümumiyyətlə nəyisə dəyişdiyinə şübhə ilə yanaşıram. Əgər bu yazını oxuyursansa və düşüncəndə hansısa dəyişiklik edə bildimsə deməli bunu sənin üçün yazmışam. Çox ümid edirəm ki, aranızda bu cür ən azı bir nəfər var. Milyonlarla insanı dəyişməyin mümkün olmadığını bilirəm, bir tək SƏNƏ gücüm çatır… ;(


