Dünən Aleks 2 saat ağlayandan sonra nəhayət yatdı. Mən də onu oyatmamaq üçün əzələmi də tərpətmədən yanında uzanmışam, əlimdə telefon, Facebookun ana səhifəsinə baxıram.
`Bu Əhməddir` mövzulu daha bir şəkil – Oxumağa səbrim çatmır, keçirəm
Rəfiqəmin nişan şəkli – “Yehhuu! Daha bir subayı siyahımdan silirəm”
Axşam yeməyinə salat şəkli – “Gərək o dondurmanı basıb yeməzdim”. Yavaşca qarın press idmanı eləməyə çalışıram guya kalori yandırmaq üçün.
Sonra görürəm iki Facebook dostum olan qızlar üçüncü tanışımızın yeni çap olunmuş kitabını bir-birinin `divar`ında müzakirə edirdilər. “Gedək tez biz də kitabı alaq” tipində yazışmalar edirlər. “Sağ olsunlar, yeni yazara dəstək verirlər” deyə düşünürəm, mən də altdan sevincli bir şərh yazıram. Onlar yazışmağa davam edirlər. Birdən mənə çatır ki, onlar üçüncü dostumuza LAĞ ELƏYİRLƏR, onun işini açıqcasına MƏZXƏRƏYƏ qoyublar.
Bədənimin bütün hüceyrələri ilə qəzəb içindəyəm. “Utanın” yazıb Facebooku bağlayıram.
Aleksə baxıram. Balaca toppuş əllərini bir-birinin üstünə qoyub, dodağını büzüb mışıl-mışıl yatır.
O qızları düşünürəm. Hamımız belə saf doğulmuruqmu? Niyə bəzi insanlar başqalarının yaratdığı incəsənəti əzmək haqqına sahib olduqlarını düşünürlər?
Onların yazdıqları üzümə şillə kimi dəydi. O kitabı yazan dostumuzun bu qızların yazdığından xəbəri yox idi, amma mən bilirdim. Mən də yazaram. Kitab olmasa da bloq yazıram. Yadıma `yetərincə yaxşı deyil` düşünüb sildiyim cümlələr, kobud şərhlər yazarlar deyə çap eləmədiyim yazılar düşdü. Bu cür insanların edəcəyi mızmızların hərdən mənə də təsir elədiyini dərk eləməyə başladım.
Hələ mən belə mənfilikləri özümə yaxın buraxan insan deyiləm. Amma oxucularım arasında 17, 18, 19, hətta 39 yaşında olub bu cür düşünənlərə görə ruhdan düşə biləcək olanları çoxdur. Bu cür YARADICILIQ QƏNİMLƏRİnin şərhlərinə görə nə qədər insan həvəsindən vaz keçir. Bu söhbəti oxuyandan sonra söz verdim ki, başqalarının nə deməyindən asılı olmayaraq daha çox yazacağam.
ÇÜNKİ HƏYAT BU CÜR İŞLƏYİR – sənin kim olmağından və onların hansı nailiyyətlərə sahib olmağından asılı olmayaraq, kimsə həmişə sənin işin haqda nəsə deyəcək.
Odur ki, başqalarının nə pıçıldamağından asılı olmayaraq həvəskarı olduğun işlərinə davam et, başqalarının nə fikirdə olmağından asılı olmayaraq özün ol, arzularını gerçəkləşdir, başqaları nə deyir-desin, sən YARATMAĞA davam et!
Çünki onlar vaxtlarını səni müzakirə etməyə sərf elədiyi vaxt
SƏN YÜKSƏYƏ QALXMAĞA DAVAM EDƏCƏKSƏN.
Bu gün başqa bir tanışım Bəxtiyar Vahabzadənin bir şeirini paylaşmışdı, lap yerinə düşdü:
Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
Filankəs azacıq qumarbaz idi,
Gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
Biri qərəzkardır, biri xəsisdir,
Bu ondan yaxşıdır, o bundan pisdir,
Natəvan beləydi, Həcər eləydi,
Böyüklər önündə o bir köləydi,
Rəhmət demirik amma bir kərə,
Milləti ucaldan rəhmətlilərə
Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?!

