Görünməz – Məktəbdə ən pis oxuyan şagirdlərdən olanda və həyatda heç nəyə nail ola bilməyəcəyimi düşünəndə
Uğursuz – Yuxarı sinif şagirdləri üçün keçirilən və 1 il Amerikada oxumaq şansı verən FLEX imtahanından 2 il dalbadal kəsiləndə
Qürurlu – UGRAD proqramında 600 nəfər arasından seçilən 16 finalçı arasında olub Amerika universitetində bir il oxumaq şansı qazananda
İtkin – Amerikadan Azərbaycana qayıdıb iki ölkə mədəniyyətindəki dilemmalar və seçimlər qarşısında qalanda
Sevincli – Magistr təhsili almaq üçün İsveçin Uppsala Universitetinə qəbul olanda
Depressiv – İsveçə gedib bu qərarın pis fikir olduğunu başa düşəndə
İsti – Depressiyadan çıxa bilməyib səhərisi günə biletimi alıb Bakıya qayıdaraq anamı qucaqlayıb yatanda
Pozitiv – Həyatımın sevgisini tapdığımı düşünəndə
Həyəcanlı – Onun da məni sevdiyini eşidəndə
Sarsılmış – Bir ay sonra tanımadığım bir nəfərdən mənə gələn mesajda onun başqa sevgilisi olduğunu biləndə və hər şeyi bitirəndə
Məğrur – Sevmədiyim ölkədə 2 il yaşayaraq magistr təhsilimi bitirmək ərəfəsində olanda
Şok içində – Adi ürək ağrısı zənn etdiyimiz şeyin ciddi ürək problemi olduğunu eşidəndə
Çaşqın – Mən məzuniyyət günümdən geri qalmayım deyə əməliyyat olunacağı günü mənə səhv dediyini biləndə və özümü ona çatdırmaq üçün qaça-qaça aeroporta gedəndə
Nikbin – Təyyarədən düşüb bacıma zəng edəndə, arxa fonda anamın səsini eşidəndə və o əməliyyatdan çıxanda ona sürpriz etmək üçün mənim orada olduğumu ona deməmək qərarına gələndə
Şübhəli – Əməliyyat gözləniləndən qat-qat uzun çəkəndə və həkimlərdən heç bir məlumat ala bilməyəndə
Gücsüz – Onun komada olduğu üçün heç bir şeyə reaksiya vermədiyini öyrənəndə
Ümidli – Biz yanına gedib göz yaşları içində onunla danışıb öpəndə onun da gözündən yaş gəldiyini görəndə
Çarəsiz – 18 saat ərzində dayanmadan dua edib, nəzir paylayıb həyatımızın ən uzun və dəhşətli gününü yaşayanda
Donuq – Gecə saat 3-də gələn zənglə həkim otağına qaçanda və “Maləsəf xəstəni kaybettik” cümləsini eşidəndə
Boş – Gecəni xəstəxanada bacımla qucaqlaşaraq mamanın paltarını iyləyib yatanda və səhər oyanmamağım üçün dua edəndə
Peşman – Bəlkə mənim ora gəldiyimi desəydik əməliyyat zamanı daha güclü olacağını və yaşayacağını düşünəndə və onunla son dəfə danışa bilmədiyim üçün özümü bağışlaya bilməyəndə
Ağrılı – Ona hədiyyə gətirdiyim sevdiyi quru mərcanıları tullayanda və onun çemodanını götürüb Bakıya onsuz qayıdanda
Yanğılı – Evə girib 12 yaşlı qardaşımın mamanın niyə qayıtmaması sualına cavab verəndə və yandırıcı göz yaşları içində üçümüz qucaqlaşıb yatanda
Solğun – Başımı qatmaq üçün dayanmadan iş axtaranda və bir həftə sonra çarəsizlikdən təhsil aldığım sahədən tam başqa sahə – PR üzrə işə başlayanda
Təsəlli – Onlarla insanın qarşısında onun haqda çıxış edəndə və yüzlərlə insandan dəstək mesajları alanda
Təəccüblənmiş – Eurovision-dan iş təklifi alanda və layihədə işləyəcək 3 PR işçisindən biri olacağımı biləndə
Heyran – Onu ilk dəfə yuxumda görəndə və mənə yeni tanış olduğum oğlanla danışmağımı istədiyini deyəndə
İnamsız – Xoşum gəlmədiyini düşündüyüm oğlanla məhz anam yuxuda demişdi deyə danışmağa davam edəndə
Heyrətlənmiş – Həmin oğlan 3 ay sonra mənə 40 nəfərin fləşmob rəqsi ilə qarşımda diz çöküb evlilik təklifi edəndə
Dəli – Mən ona “hə” cavabı verəndə
Facepalm – Atama zəng edib nişanlandığımı deyəndə və ondan “Kimlə?” sualını eşidəndə
Kədərli – Onu aparıb soyuq daşdan baxan anamla tanış edəndə və həyatımdakı ən doğma iki insanın heç vaxt bir-birini tanımayacağını başa düşəndə
Qarışıq – Bütün yaxınlarımın orada olmasına baxmayaraq ürəyimdən daş sallandığını hiss eləyəndə və toyun tez bitməsini arzulayanda
Susqun – 8 ay əvvəl mənə yad olan insanla dünyanın o biri tərəfinə – Nyu Yorka yola düşəndə
Şirin – O insanın dünyadakı ən qayğıkeş, ən isti, ən güclü olduğunu dərk edəndə və onunla sadəcə xoşbəxt olanda
Yorğun – Dünyanın ən rəqabətli şəhərində 6 ay ərzində iş tapa bilməyəndə və divarlar üstümə gəlməyə başlayanda
Bəxtəvər – Böyük şirkətdən inanılmaz iş təklifi alanda və onlar üçün qlobal PR edəcəyimi biləndə
Məəttəl – Müdirim olan 35 yaşlı qızın bipolar olduğunu biləndə və hər saat dəyişən əhvalına dözmək məcburiyyətinə qalanda
İftixarlı – 8 ay sonra dünyanın ən böyük 2-ci PR şirkətindən əvvəlkindən 2 vəzifə yuxarı iş təklifi alanda
Azad – Əla komanda ilə əla işdə işləməyə başlayanda
Yumşaq – Yuxumda anamla danışa biləndə
Xoşbəxt – Hər səhər oyananda
Minnətdar – Hər dəfə göylərə baxanda…

