Bu gün mənim üçün ən çətin günlərdən biridir. 3 il əvvəl bu gün dünya mənim üçün bitmişdi. Bilmirəm nə vaxtsa mama haqqında göz yaşı olmadan danışa biləcəyəmmi, amma çətin də olsa onun haqqında yazmaq istəyirəm. Onun müdrikliyini, şirinliyini, qayğıkeşliyini, məsləhətlərini sizinlə 6 qısa əhvalatda paylaşmaq istəyirəm.
1. Arı Olun
Mama həmişə bizə başa salırdı ki, “arı olun!”. Deyirdi milçək də, arı da hər səhər evdən gözəl şeylər tapıb yemək üçün çıxırlar. Milçək gözəl şeylər axtarışında yolda iylənmiş zibil görür, tez gedir onun üstündə oturur. Amma arı isə yolda nə qədər zibilliyin yanından keçir, iylənmiş yerləri görür, aldanmır, uçur, uçur ən sonunda gözəl çiçəklərə çatır və onlardan nektar çəkir. Və mama başa salırdı ki, hər səhər duranda siz də arı kimi oyanın, gün boyu arı kimi yaşayın, çirkinliklərdən uzaq olun və onda ən gözəl ballar da sizin olacaq…
2. Mamaya Kobudluq Edən Aeroport İşçisi
Bacım danışır ki, mama ilə Türkiyəyə əməliyyat üçün gedəndə baqaj check-in-dəki qız ona qarşı çox kobud davranıb. Qaşqabaq və kobudluqla yarım kilodan ötrü baqajı açdırıb, əşyaları başqa baqaja yerləşdirməyini istəyib. Mama və bacımın əhvalı korlanıb. Baqajı verəndən sonra uzaqlaşanda bacım hirslənib, anam isə o qız üçün dua etməyə başlayıb. Bacım təəccüblənib, indicə ona kobudluq eləyən qıza niyə dua elədiyini soruşub, mama deyib ki, “Allah o qızı o qədər xoşbəxt etsin ki, hamıya gülümsəsin. Həyatdan zövq almağı öyrənsin. İstədiyi bütün arzulara çatsın. Çox çox xoşbəxt olsun. Onda digər insanları da sevəcək, onlara qarşı mehriban davranacaq…”
Mamadan başqalarını anlamağı öyrənmişəm, kobudluqlara gülümsəmə və qayğı ilə cavab verməyi öyrənmişəm.
3. Mamanın sevdiyi dua
Mama həmişə bu duanı sevə-sevə edərdi: “Allahım, mənə dəyişə bildiklərimi dəyişmək üçün güc, dəyişə bilmədiklərimi qəbul etmək üçün səbr və birincini ikincidən ayırmaq üçün müdriklik ver”.
Uşaqlıqdan bizə yatmazdan qabaq həmişə dua edib Allaha hər şey üçün təşəkkür etməyi öyrətmişdi. O deyirdi “dua edin, çünki Allah həmişə eşidir”…
4. Sevən Batareya
– Şəbiiişşş! Şəəəbiiişş!!!
– Hə mama
– Kompüterim durduğu yerdə söndü!
– Necə yəni? Ekranda nə yazıldı, mama?
– Sönməmişdən əvvəl yazılmışdı “sevən batareya”.
– “Sevən batareya” nədi mama?
– Nə bilim, yazılmışdı “ləv batery”
– Ah, mama, “low battery” “azalmış batareya” deməkdir! Kompüteri zaryadkaya qoy.
İranda olanda tıxacda maşında oturmuşuq. Bir oğlan da yolda gəzib gül satır. Mama pəncərəni salıb oğlanı çağırdı. Oğlan sevinə-sevinə gəldi ki, müştəri çıxıb. Mama dedi:
– O gülü yaxınlaşdır görüm.
Oğlan böyük buket qızılgülləri pəncərəyə yaxınlaşdırdı. Mama başını çıxarıb gülü dərin bir nəfəslə iylədi:
– Bəh bəh bəh! Hə, çox sağ ol, indi get.
Oğlan çaşdı qaldı. Biz də çok içində mamaya baxırıq, dedim “ay mama, o gülü almırsan, oğlana niyə əziyyət verdin?” Güldü “Əşi, kef eləəə.”
Mamadan indini yaşamağı öyrənmişəm. Başqalarının nə düşünməsindən asılı olmayaraq istədiyini etməyi öyrənmişəm. Hər xırda şeydən zövq almağı öyrənmişəm. Mamadan yaşamağı öyrənmişəm…
6. Mamanın Məktubu
Mən 2006-cı ildə Amerikaya gedəndə mama bir bloknota bütün dostlarıma yazı yazdırmışdı. İlk məktubu da özü yazmışdı.
“Mənə dünyanın ən böyük səadətini – Analığı ilkin daddıran ağıllı, gözəl qızım – Şəbişim. Sən mənə Tanrının ilk ən böyük mükafatı olmusan və gəlişinlə dünya boyda sevinclər yaşatmısan mənə – gözəlliyinlə, sağlamlığınla, ağlınla, tərbiyənlə, qayğınla, sevginlə, uğurlarınla…
Bu bizim ilk 10 aylıq ayrılığımız olsa da qəlbim tam rahatdır. Bilirəm ki, Tanrı həmişə başının üstündə, dualarım mələklərlə bərabər qoruğundadır! (Bunu hər zaman hiss edəcəksən!) Və internet, telefon həmişə aramızda olacaq. Elə bil ki, yanımızdasan.
10 ay nədi ki…
Amma həm də 10 ay bilirsən nədi? Bütün sonrakı xoşbəxt həyatınçün vasitə olacaq etap. Bu 10 ayda yığdığın imic sonra illərlə sənə divident gətirəcək. Hər vaxt, hər bir situasiyada hər zaman əmin ol ki, uğur, xeyir səninlədir (istisnasız olaraq). Sənin uğur hesab etmədiyin vəziyyətdə də əmin ol ki, uğur mütləq var… və bəlkə də ən xeyirlisi elə bu imiş.
Həmişə yadında saxla ki, Tanrı səni sevir və səni xoşbəxtlik üçün yaradıb. Bu sevginin hər yaşadığın anında görməyi, dəyərləndirməyi bacar və Tanrıya minnətdar ol.
Yadinda olsun ki, ən vacib şey – can sağlığındır. Ən yaxşı, ən xeyirli qidaları seç (qiymətindən asılı olmayaraq). İstirahətini, yuxunu, yüksək əhval-ruhiyyədə olmağı düzgün tənzimlə.
Sənin əxlaqi yüksəkliyinə əmin olduğum üçün və dərslərə diqqətli olacağına inandığım üçün çox yazmıram. O işlərdən ki, sonunda zövq alacaqsan, o işlər heç səni yormayacaq da, bil.
Həyata keçməsi mümkün olmayan ideya yoxdur. Ən uzağı bu ideya fantaziyadır – yəni həyata keçməsinə sadəcə illər gərəkdi. Səninsə məqsədin çox asan, çox uğurlu, çox tez həyata keçən proyektləri reallaşdırmaqdır ki, bunu da asan və ləzzətlə edəcəksən. Əminəm.
Və bir neçə məsləhətim
– Hər sabah oyananda Tanrıya bu gözəl gün üçün minnətdarlıq et və həmin gündən alacağın sevinclər üçün hazır olduğunu bildir. Hər axşam günün uğurları üçün minnətdarlıq et və sabaha dualar yolla.
-Bil ki, bütün arzular əl yetən, bütün məqsədlər reallaşandır. Sadəcə istə, ARZULA və İNAN! İNAN və hər istəyin nə qədər asan və tez həyata keçdiyinə təəccüblənəcəksən.
– Dünyanın əm gözəl, ən yaxşı, başqalarının əlçatmaz hesab etdiyi qiymətli şeyləri sənin olacağına inanaraq arzula və ürəkdən istə!
– Xırda, mənasız, boş fikirlər, həyəcanlar sənlik deyil. Qoy onlar kimin fikirlərində dolaşır onların olsun.
-Yalnız və istisnasız olaraq pozitiv düşün. Düşüncən nədirsə, sən də osan. Xeyirə danış. Mənfi sözü, yazını, fikiri başqaları deyəndə belə eşitməməyə çalış. Başqalarına aid uğursuzluqları da düşüncəndən uzaq tut. Və uğur, xoşbəxtlik, sevinc həmişə səninlədir.
– Daim və hər şeyə görə Tanrıya şükür et! (Çünki bütün uğurlarında Tanrının köməyi var.) Şükür duaları möcüzələr yaradır.
Və nəhayət bu dəftərdəki yazılar burdan apardığın paltarlar kimidir, xoşun gəlməyəni cır at. Hansılarısa sonacan saxla. Amma əsas odur ki, boş səhifələri burda lazımın olacaq yaxşı xatirələrlə doldur (ABŞ-dan alınan paltarlar kimi). Sənə uğurlar!!!
Özündən muğayat ol!
Səninçün Tanrıya daim duaçı olan və sevən Mama – MKo
07.08.06 04.30″
Vaxtilə bizə çox kiçik görünən hadisələr bir müddət sonra necə də dəyərli və böyük görünə bilərmiş! Sevdiklərinizin dəyərini bilin. Hər imkanda onlara dəyərli olduqlarını hiss elətdirin, bunu onlara deyin, onlarla qürur duyun.
Sonra gec ola bilər…



