Nisəni (şəkildə ortadakı) 2005-ci ildən tanıyıram. Dünən onunla yenə görüşdük. Hər dəfə onu görəndə ona heyranlığım daha da artır. Bu gün onun hekayəsini sizinlə bölüşmək qərarına gəldim.
Nisə Bakıda doğulub, valideynlərinin hər ikisi lal-kar olub. Yeganə qardaşı isə daun sindromu ilə doğulub. Evdəki maddi çətinliklərə görə universitetə müəllimsiz hazırlaşmalı olan Nisə qəbul imtahanından 600-dən çox bal yığıb, ingilis dilini əla öyrənib və yadımdadır ki, 18-19 yaşımız olanda mən hansı tədbirə getsəydim Nisə də orda olardı, həmişə aktiv idi.
Universitetdə oxuyanda UGRAD proqramının finalçısı olmuşdu, 1 il Amerikada oxumağa gəlmişdi. Bakıya qayıdanda Dillər Universiteti onun universitetə bərpa olunmağı üçün əlavə bir il də oxumalı olduğunu deyəndə Nisə hər şeyi atıb Amerikaya qayıdıb. Nyu Yorkda universitetə girib. Səhər 9-dan 3-ə qədər dərsə gedirmiş, 3-dən 10-a qədər işləyirmiş və 10-dan gecə saat 2-yə qədər dərs oxuyurmuş. Bir neçə il sonra burda həyat yoldaşı ilə tanış olub.
Keçdiyi çətinliklərə baxmayaraq Nisə o qədər optimist, qayğıkeş insandır ki… Adamlar olur e, ana kimi qayğıkeş, bax, Nisə elələrindəndir. Həmişə gülür, heç vaxt şikayət eləməz, heç vaxt başqasının arxasınca danışmaz, hər zaman optimist, həyatsevər…
Nisəni ruhlandıran insan onun atası olub. Atası lal-kar olmağına baxmayaraq əmək veteranı olub və Nisəni inandırıb ki, lal-kar insan uğurlu ola bilirsə, deməli Nisə də uğur qazana bilər. Böyüyəndə atasının Nisəyə öyrətdiyi deviz – “Prezidentin səndən heç bir fərqi yoxdur, o bacarırsa sən də bacararsan” olub.
Nisə ilə fəxr edirəm, həyatda maneələri yox, şansları görmə bacarığına, zəhmətkeşliyinə heyranam.
Nisənin hekayəsindən iki şeyi yadda saxlamağını istəyirəm.
1. Qıraqdan baxanda belə görünür ki, Nisə Amerikada yaşayır, burda evlənib, kefdədi. Amma hər bir insanın həyatına bir az daxil olub onun hekayəsini öyrənsən başa düşərsən ki, hərənin yaşadığı çətinliklər, keçdiyi yol o qədər keşməkeşli və çətindir ki. Qıraqdan baxanda insanların qlamuru, Chanelləri, brilyantları sənin gözünü bağlamasın, HEÇ BİR ŞEY qıraqdan göründüyü kimi deyil. Hamı hansısa savaş içindədir. Bunu başa düşsən bir də heç kimə paxıllıq eləməzsən. Heç kimin yerində olmaq istəməzsən. Heç kimə nifrət eləməzsən.
2. Gələn dəfə xaricdə təhsil almaq, ya yeni iş tapmaq, ya elə öz həyatında dəyişikliklər eləmək üçün vaxtın və ya şəraitin olmadığından, ailəndən, cəmiyyətdən şikayət eləyəndə Nisənin hekayəsini xatırlamağını istəyirəm. İstəyirəm biləsən ki, o da sənin doğulduğun ölkədə doğulub, bəlkə də daha da çətin şərtlərlə böyüyüb. Qoy onun hekayəsi sənə təkan olsun, səni ruhlandırsın, bil ki, həyatda mümkün olmayan heç nə yoxdur. Əzm və zəhmətkeşliyin sayəsində mümkün olmayan heç nə yoxdur!

