Xoşbəxt olmayan insnaların çoxunu birləşdirən bir xüsusiyyət var: çox düşünmək və hərəkətsizlik. İdman mənasında yox, arzularının arxasınca qaçmaq mənasında.

2 cür düşüncə tərzi var: dərin düşünmə və lazımsız çoxdüşünmək (Salam ADEA, lüğətimizə yeni söz). Dərin düşünmək hansısa hadisənin kökünə qədər müdrikliklə anlayıb bunu buraxmaqdır. Emosiyasız, başısoyuq şəkildə…

Biri də var çoxdüşünmək. Olur ki, rəfiqəmizin hansısa hərəkəti, həyat yoldaşımızın bir sözü, ya bir işə başlamağın qərarsızlığı boğazımızda düyünlənib qalır. Bunu düşünürük, düşünürük, düşünürük… Çox düşünmək təşviş, daha çox düşünmək kefsizlik, həyəcan, hirs, depressiya gətirir… Bu, enerji itkisidir. Bunu necə dayandırmalı?

Çoxdüşünmək mənfi emosiyaların nəticəsidir. Birinci addım bunu qəbul etməkdir, lazımsız düşüncələrə daldığımızı başa düşməkdir. İkinci addım başqalarının hərəkətlərini özümüzə götürməməkdir. Keçən il həyatımda ən böyük dəyişikliyi etdim və problemlərimin 90%-i yoxa çıxdı – başqalarının hərəkətlərini özümə götürməməyə qərar verdim. Bu, həqiqətən heyrətamiz bir dəyişiklik oldu. “Ümbülnisə mesajıma cavab vermədi? Yəqin başı qarışıqdır.” “Oğlumun müəllimi mənə kobud davrandı? Yəqin həyatında hansısa problemləri var.” “Babamın 4-cü toyudur və məni çağırmayıb? Yəqin əziyyət vermək istəməyib.” Söhbəti tutdunuz.

Başqalarının hərəkətlərinin bizə dəxli yoxdur. Onda sanki əvvəl pambıq paltarda gəzirdim, bütün atılan çirk mənə yapışırdı, amma indi kulyonka paltarda gəzirəm, atılan heç bir palçıq yapışmır. Düşünə bilərsiniz “bu qız xəyalpərəstdir”. Bəs məgər həyat bir az xəyalpərəst, bir az çılğın olanları mükafatlandırmırmı? Və dərindən düşünsən, həqiqətən də sənə olunan hərəkətlər onu edən kəsdən daha çox xəbər verir, nəinki səndən.

Odur ki, birinci adət: Heç nəyi özünə götürmə!

İkinci problem qərarsızlıqdır. Qərarsızlığın ilk düşməni sosial mediadır. Əgər gününü lazımsız Tiktok videolara baxaraq, İnstagramda hər şəklə rəy yazaraq, memelər paylaşaraq keçirirsənsə çox güman ki, hərəkətə vaxtın və enerjin yoxdur. Bütün lazımsız vərdişlərini tərgitməyə qərar ver. Sosial medianı sil. Beyin inək kimidir, onu əhliləşdirməlisən, disiplin etməlisən, o zaman sənə süd verəcək, tabe olacaq… Əgər beynini idarə edə bilirsənsə ən uğurlu insanlardan birisən. Beyni idarə etməyin ən güclü yolu meditasiyadır. Hər gün 20 dəqiqə meditasiya həyatına möcüzələr gətirəcək (özümdən bilirəm)!

Diqqətin hardadırsa enerjin ordadır. Həyatını Tiktokda Məzinin videolarına baxmağa sərf etmək istəyirsən, yoxsa arzularını reallaşdırmağa? 70-80 il sonra hamımız ya başdaşı, ya da kül olacağıq. Həyatını nə cür keçirmək istəyirsən? Buna qərar ver.

İkinci dəyişiklik: Diqqətini yayındıran lazımsız vərdişləri tərgit. Məqsədinə fokuslan.

Son olaraq, qərarsızlıqdan doğan hərəkətsizlik… Jeff Bezos deyir uğurlu insanların 1 nömrəli bacarığı tez qərar verməkdir. 5 seçim arasında qalmısansa birini seç. Qərar verə bilmirsənsə kağıza yaz, papağın içinə at və birini seç. Amma seçəndən sonra 100% enerjini o qərara qoy və hərəkət et. Qərarsız insan bataqlıq kimidir, qaldıqca üfunət basır, həyəcan, depressiya, stress… Qərar verib hərəkətə keçən kimi çay axmağa başlayır, ideyalar gəlir, yeni yollar açılır, həyatına yeni insanlar girir, yeni cığırlar görünür. Jeff Bezos özü Amazonu kitab satan maqazin kimi açmışdı, kitabları sata-sata yeni məhsullar əlavə etməyə başladı, Amazon böyüdü, illər keçdi və Bezos indiki Bezos oldu.

Üçüncü adət: Hərəkət et.

Başqalarının nə düşünəcəyindən asılı olmayaraq, nəticənin nə olacağından asılı olmayaraq hərəkət et. Çünki çatacağın yer başladığın yer olmayacaq. Yeni yollar, yeni təcrübələr, yeni biliklər, yeni insanlar kəşf edəcəksən. Bu ki, divanın küncünə sıxılıb rəfiqənin göndərdiyi 15-ci videoya gülməkdən gözü yaşaran emojilər göndərib içində hönkür-hönkür ağlamaqdan ki yaxşıdır.

Quş balası ilk uçuşdan qabaq soruşdu: “Ana, birdən yıxılsam?” “Mənim balaca balam, bəlkə uçacaqsan?”

Sən də hoppan.

Bəlkə uçacaqsan?!


12 responses to “Qərarsızlıq, çoxdüşünmək, hərəkətsizlik və digər “böyük” hisslərdən əziyyət çəkirsən?”

  1. Habiba Avatar
    Habiba

    Qayıtmağınıza sevindim❤️

    1. Shabnam Avatar

      ❤️❤️ “publish” basanda düşündüm görəsən heç 1 nəfər oxuyacaq? Haha çox sağ olun

      1. Habiba Avatar
        Habiba

        Eh, hələ hər çətinə düşəndə açıb köhnə postlarınızı təkrar oxuyanlar var, xəbəriniz yox 🙂

  2. Nurlan Avatar
    Nurlan

    Salam, çox qəribədir, həmişə həyatımda boz zolağa girəndə sənin mətnlərin əsl zamanında çıxır qarşıma, necə ki keçən dəfə “sən kimsən? Bir də düşün.” əsl vaxtında qarşıma çıxdı, təşəkkürlər 🤗

  3. Habiba Avatar
    Habiba

    eh, hələ hər çətin düşəndə açıb köhnə postlarınızı oxuyanlar var, xəbəriniz yox 🙂

  4. Esmer Mamedova Avatar
    Esmer Mamedova

    Shabnam sizin yazdiglariniz bir sözle mohteshemdir ,her setri oxuduqca ilham verir, zovg verir,uzun zamandır e-mailime article gelmirdi, chox sevindim qayitmaginiza ve gozel yazınız uchun teshekkurler

  5. Nigar Avatar
    Nigar

    Ele bir zamanda çıxdı ki bu yazı önüme, teşekkür edirem, üreyinize ve qeleminize sağlıq

  6. Turkan Avatar
    Turkan

    yaxşı ki varsan! yazmağı (və paylaşmağı) buraxma 🙂

  7. Shahla Abdullajeva Avatar

    köhnə postları deyə bilmərəm oxuyuram, amma hər təzə postun emaili gələndə ən birinci postunuzdan tut, sonuncuya qədər, Ted çıxışınız inkluziv yadıma düşür. Əvvəllər meditasiya yox idi, sizin fəlsəfi statuslarınız var idi..:)

  8. Aynur Avatar
    Aynur

    2012 dən bəri ən doğru vaxtda ən doğru qərarları verməyimə təkan verən hello kişi, sevirəm 🤍🫂 o vaxtı Gəncədə bezərək getdiyim maraqsız uni mühazirələrində indiki məni təsəvvür etməyimə çox kömək oldun Shabii. İndi bunu Almanyadan yazıram, həyatımın yeni səhifəsindəyəm və yenə bu yazı mənə məqsədlərimi xatırlamağa, özümə yaxşı davranaraq və həyatdan zövq alaraq çatmağın mümkün olduğunu xatırlatdı. instagramı silmək lazımdı arada, mənim də o aram gəlib deyəsən 😅 Qucaq dolusu sevgi göndərirəm 🤍

  9. Narmin Ismayilova Avatar

    Şəbnəm xanım, neçə illərdir sizin bu blogunuz məni çox ilhamlandırır, fərqinə varıram ki, mənim ən böyük arzum belə bir blog postla öz communitymə xitab etməkdir, sadəcə perfectalist və cəsur olmayan fikirlərimə görə çəkinirəm, amma bu son yazınız mənə çox kömək olacaq, ümid edirəm ki, tezliklə arzumu reallaşdırmağa, hərəkətə keçməyə başlayacam. Türklər demiş, sayenizde. Yaxşıki varsınız 💕

  10. Zemfira K Avatar
    Zemfira K

    Welcome Back! Chox sevindim gayitmagiviza!

Leave a reply to Nigar Cancel reply