Xoşbəxt olmayan insnaların çoxunu birləşdirən bir xüsusiyyət var: çox düşünmək və hərəkətsizlik. İdman mənasında yox, arzularının arxasınca qaçmaq mənasında.
2 cür düşüncə tərzi var: dərin düşünmə və lazımsız çoxdüşünmək (Salam ADEA, lüğətimizə yeni söz). Dərin düşünmək hansısa hadisənin kökünə qədər müdrikliklə anlayıb bunu buraxmaqdır. Emosiyasız, başısoyuq şəkildə…
Biri də var çoxdüşünmək. Olur ki, rəfiqəmizin hansısa hərəkəti, həyat yoldaşımızın bir sözü, ya bir işə başlamağın qərarsızlığı boğazımızda düyünlənib qalır. Bunu düşünürük, düşünürük, düşünürük… Çox düşünmək təşviş, daha çox düşünmək kefsizlik, həyəcan, hirs, depressiya gətirir… Bu, enerji itkisidir. Bunu necə dayandırmalı?
Çoxdüşünmək mənfi emosiyaların nəticəsidir. Birinci addım bunu qəbul etməkdir, lazımsız düşüncələrə daldığımızı başa düşməkdir. İkinci addım başqalarının hərəkətlərini özümüzə götürməməkdir. Keçən il həyatımda ən böyük dəyişikliyi etdim və problemlərimin 90%-i yoxa çıxdı – başqalarının hərəkətlərini özümə götürməməyə qərar verdim. Bu, həqiqətən heyrətamiz bir dəyişiklik oldu. “Ümbülnisə mesajıma cavab vermədi? Yəqin başı qarışıqdır.” “Oğlumun müəllimi mənə kobud davrandı? Yəqin həyatında hansısa problemləri var.” “Babamın 4-cü toyudur və məni çağırmayıb? Yəqin əziyyət vermək istəməyib.” Söhbəti tutdunuz.
Başqalarının hərəkətlərinin bizə dəxli yoxdur. Onda sanki əvvəl pambıq paltarda gəzirdim, bütün atılan çirk mənə yapışırdı, amma indi kulyonka paltarda gəzirəm, atılan heç bir palçıq yapışmır. Düşünə bilərsiniz “bu qız xəyalpərəstdir”. Bəs məgər həyat bir az xəyalpərəst, bir az çılğın olanları mükafatlandırmırmı? Və dərindən düşünsən, həqiqətən də sənə olunan hərəkətlər onu edən kəsdən daha çox xəbər verir, nəinki səndən.
Odur ki, birinci adət: Heç nəyi özünə götürmə!
İkinci problem qərarsızlıqdır. Qərarsızlığın ilk düşməni sosial mediadır. Əgər gününü lazımsız Tiktok videolara baxaraq, İnstagramda hər şəklə rəy yazaraq, memelər paylaşaraq keçirirsənsə çox güman ki, hərəkətə vaxtın və enerjin yoxdur. Bütün lazımsız vərdişlərini tərgitməyə qərar ver. Sosial medianı sil. Beyin inək kimidir, onu əhliləşdirməlisən, disiplin etməlisən, o zaman sənə süd verəcək, tabe olacaq… Əgər beynini idarə edə bilirsənsə ən uğurlu insanlardan birisən. Beyni idarə etməyin ən güclü yolu meditasiyadır. Hər gün 20 dəqiqə meditasiya həyatına möcüzələr gətirəcək (özümdən bilirəm)!
Diqqətin hardadırsa enerjin ordadır. Həyatını Tiktokda Məzinin videolarına baxmağa sərf etmək istəyirsən, yoxsa arzularını reallaşdırmağa? 70-80 il sonra hamımız ya başdaşı, ya da kül olacağıq. Həyatını nə cür keçirmək istəyirsən? Buna qərar ver.
İkinci dəyişiklik: Diqqətini yayındıran lazımsız vərdişləri tərgit. Məqsədinə fokuslan.
Son olaraq, qərarsızlıqdan doğan hərəkətsizlik… Jeff Bezos deyir uğurlu insanların 1 nömrəli bacarığı tez qərar verməkdir. 5 seçim arasında qalmısansa birini seç. Qərar verə bilmirsənsə kağıza yaz, papağın içinə at və birini seç. Amma seçəndən sonra 100% enerjini o qərara qoy və hərəkət et. Qərarsız insan bataqlıq kimidir, qaldıqca üfunət basır, həyəcan, depressiya, stress… Qərar verib hərəkətə keçən kimi çay axmağa başlayır, ideyalar gəlir, yeni yollar açılır, həyatına yeni insanlar girir, yeni cığırlar görünür. Jeff Bezos özü Amazonu kitab satan maqazin kimi açmışdı, kitabları sata-sata yeni məhsullar əlavə etməyə başladı, Amazon böyüdü, illər keçdi və Bezos indiki Bezos oldu.
Üçüncü adət: Hərəkət et.
Başqalarının nə düşünəcəyindən asılı olmayaraq, nəticənin nə olacağından asılı olmayaraq hərəkət et. Çünki çatacağın yer başladığın yer olmayacaq. Yeni yollar, yeni təcrübələr, yeni biliklər, yeni insanlar kəşf edəcəksən. Bu ki, divanın küncünə sıxılıb rəfiqənin göndərdiyi 15-ci videoya gülməkdən gözü yaşaran emojilər göndərib içində hönkür-hönkür ağlamaqdan ki yaxşıdır.
Quş balası ilk uçuşdan qabaq soruşdu: “Ana, birdən yıxılsam?” “Mənim balaca balam, bəlkə uçacaqsan?”
Sən də hoppan.
Bəlkə uçacaqsan?!

