İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi)
Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm.
1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli.

İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab məktəblərdə keçilməlidir. Oxunması çox rahatdır, kitab maraqlı əhvalatlarla boldur və pozitiv, daha uğurlu olmaq istəyən hər bir həs məncə bu kitabdan başlamalıdır.
2. Napoleon Hill – Düşün və varlan

Yadımdadır biz uşaq idik, anam bu kitabın bütün nüsxələrini alıb oxuyurdu. Sarı üzlü idi, birini oxuyub qurtaran kimi gedib tez o birisini alırdı. Həvəslə çayını süzürdü, meyvələr doğrayırdı, oxumağa hazırlaşırdı, bütün gecə yatmayıb kitabı oxuyurdu, səhər də gördüyü və tanıdığı hamıya ağızdolusu yeni kitabda öyrəndiklərini danışırdı. Bu sarı kitab mənə doğmadır. Bir neçə il əvvəl kitabın audio versiyasını dinlədim və heyran oldum. Cənab Hill bu kitabı yazmaq üçün zamanının ən uğurlu, varlı, pozitiv insanlarını müsahibə edib və öyrəndiklərini bir neçə kitabda çap edib. Mütləq oxunmalı kitabdır!
3. Sheryl Sandberg – Yaxına Əyləş (Tam tərcüməsini bilmirəm, ingiliscə adı Lean In-dir)

Şeril Facebook-un baş əməliyyat müvəkkilidir (başa düşülən dildə desəm, Markın sağ əli). Qadınları güclü, aktiv, cəsur olmağa dəvət edən bu kitabı böyük bir hərəkata çevrildi. Yaxşı karyera arzulayan hər bir qız bu kitabı oxumalıdır. Şerilin TED çıxışından da başlaya bilərsiniz.
4. Paulo Koelyo – Veronika Ölməyə Qərar Verir

Əgər özünəyardım (self-help) kitablarını sevmirsinizsə Veronika ölməyə qərar verir yaxşı bir alternativdir. Dili çox axıcıdır, mesajı da çox pozitiv. Amma Paolo Koelyonun 2 kitabından çox dalbadal oxumağı məsləhət görmürəm. Sizdə Koelyo ürəkbulanması ola bilər, necə ki, məndə 5 il əvvəl olmuşdu. O vaxtdan onun kitablarını oxuya bilmirəm. 🙂
5. Stephen Covey – Yüksək Effektiv İnsanların 7 Vərdişi

Gələcəyə optimizm, həvəs, motivasiya istəyirsinizsə bu kitabı mütləq oxuyun. Tək oxumaq kifayət deyil, oxuduqlarınıza əməl edin. Uğur sizi izləyəcək.
6. Ayn Rand – Fontanbaş (The Fountainhead)

Ayn Rand Amerika tarixinə ən dəlisov yazarlardan biri kimi düşüb. Onun siyasi və iqtisadi mülahizələri ilə (Atlas Shrugged kitabından) razı olmasam da Fontanbaş kitabı oxuduğum ən gözəl kitablardan biridir. Bu kitab insanı qutudan kənarda düşünməyə, yaradıcı olmağa, standardlardan kənara çıxmağa və başqalarının fikirlərinə məhəl qoymamağa kömək edir. Bu kitabı çox sevirəm!
7. Coşqun Kərimov – KVAN

Bu il Bakıda olanda mənə edilən gözəl hədiyyələrdən biri də bu kitab idi. Azərbaycanlı müəllif tərəfindən yazılmış bu kitab özünəyardım sferasında atılan ilk addımlardandır (AZTV demiş). Hətta məni də kitab yazmağa ruhlandırdı (o ruhlanma elə Bakıda da qaldı deyəsən :D). Pozitiv həyat, müsbət düşüncə haqda yazılan gözəl kitablardandır.
8. Coco Moyes – Səndən Öncə Mən

Romantik stildə yazılmış bu kitabı ağlaya-ağlaya oxumuşam. Bu il kitabın filmi də çıxdı, gözəl idi, amma kitab məni daha çox ruhlandırmışdı (yəqin ona görə ki, kitabı oxuyanda Vüsal yanımda oturub 15 dəfə soruşmadı “ölür, ya ölmür?”).
Bəs sizin ən sevdiyiniz kitab hansıdır?

