Həyat rəngsiz, saçın vız, insanlar bezdirici olanda…

Mama elə həyəcanla qapıdan girmişdi o gün, toppuş üzündə sevinc, “Şəbiş, Səidənin qızı tam təqaüdlə Amerikaya gedib, sən də get, 10-cü sinif uşaqları üçün proqram var”. Özünü göylə aparan, əslində ürəyində yüzlərlə qorxu və özgüvənsizliklə boğulan 15 yaşımdakı mən bunun mümkün olmadığını anlayaraq, amma özümü cool aparmağa cəhd edərək çiynimi çəkdim ki, “Neynirəm Amerikanı”.

Əslində ürəyimdə bilirdim ki, mən Amerikanı yox, Amerika məni istəməz. Yüzlərlə ağıllı, məndən savadlı, son trend paltar geyinən, rus və ingilis dilində təmiz danışan, son model telefon işlədən, McDonalds-da (o vaxtın ən trend yeri) burger yeyən həmyaşıdlarım VƏ mən – görünməz, maraqsız, Qaraqoyunlu dövlətinin yaranma tarixini belə əzbərləyə bilməyən (rəqəmlər və mən əks mütənasib), riyaziyyatdan rüblüyə 2 almış (salam, Mehralı müəllim), çolkasını səhər kremlə düzləşdirən və məktəbə çatana qədər saçı vız duran mən… və Amerika… pijamada belə stilli görünən insanlar, otların ideal boyda biçildiyi, gülən poçtalyonlar, hündür binalar, problemsiz həyat ölkəsi Amerika...

Amma mama mənim vecsiz cavabımdan hirslənməzdi. Onun başqa planları var idi. Hər axşam evə gələndə məni dial-up İnternetdən qopardıb suallar verirdi:

-Təsəvvür elə sən Amerikadasan və otaq yoldaşın səsli musiqiyə qulaq asır, sən isə dərs oxumalısan. Neyləyərdin?

– Gedib ondan şikayət eləyərdim.

– Bəs pozitiv bir reaksiya verməli olsaydın ki, onun da xətrinə dəyməsin? Bəlkə onun da hansısa problemi var ona görə musiqi ilə başını qatır?

– Xahiş eləyərdim qulaqlıqda qulaq assın.

– Afərin!

– Təsəvvür elə dostlarınla restorana getmisən və sənin həmişə yediyin heç bir yemək yoxdur, əvəzində qəribə yeməklər var – krevetka, qurbağa, ördək… Neynəyərdin?

– Çıxıb başqa yerə gedərdim.

– Bəs pozitiv? Bu yeməklərin dadına bir də harda baxacaqsan?

– Yaxşı, dadına baxardım bir az.

Yavaş-yavaş hər söhbətdən sonra düşüncəm daha da açılırdı, Amerika daha real görünürdü, özümə daha çox güvənirdim, artıq saçımın vız olmağının özgüvənimə o qədər də təsiri yox idi. Bir neçə dəfə imtahanlardan kəsilsəm də 3 il sonra Amerikada təhsil üçün tam təqaüd qazandım və bir il arzularımın ölkəsində yaşadım və oxudum (həm də öyrəndim ki, insanlar pijamada stilli görünmürlərmiş və Amerikanın 99%ində hündür bina yoxdur).

15 yaşımdan 18 yaşıma çox şey dəyişmədi, amma həm də çox şey dəyişdi. MƏN dəyişdim. Düşüncəm dəyişdi.

İndi bu postu Amerikada bir kafede yazıram və 15 yaşımdan bura müxtəlif vəziyyətlərdə həmişə mənə yol göstərən məhz mamanın bu nümunəsi olub.

Həyatında nəyisə dəyişmək istəyirsənsə özünü dəyiş.

2-3 il əvvəl dostlarımdan, ətrafımdan razı deyildim. İstəyirdim ruhlandırıcı, əyləncəli dostlarım olsun. Odur ki, ətim tökülərək İnstagram bio-mu dəyişdim “Life is a party” – həyatımı heç party hesab etmirdim, əksinə, 5 nəfərin gəldiyi yas palatkası kimi idi – sakit, kədərli, ruhsuz, ölü, stolun başında molla məlum olmayan dildə nəsə oxuyur…

Evdə uşaqlarla rəqs partylərindən başladıq – hər axşam mahnı qoyub oynayırdıq, sonra Nyu Yorkdakı bütün rəqs partylərinə getməyə başladıq, sonra bir cütlüklə tanış olduq, sonra başqası ilə. Hamısı karaoke, rəqs sevənlər, biz də hər şansda əyləncə axtaran… 6 ayın içində 15-20 nəfərlik əyləncə qrupumuz yarandı, birlikdə səyahətlər etməyə başladıq… Həyat həqiqətən party-yə çevrildi.

Heç nə dəyişmədi, amma əslində çox şey dəyişdi. MƏN dəyişdim.

Həyatımdan, işimdən, dostlarımdan şikayət eləmək istəyəndə həmişə bu yadıma düşür. Düşünürəm ki, həyatım necə olsa daha xoşbəxt olaram? Və o yöndə balaca dəyişikliklər edirəm.

Subay rəfiqələrim “yaxşı oğlanlar qalmayıb” deyə giley edəndə, biznesim yaxşı getməyəndə, kimsə dostlarından şikayət edəndə, həyat rəngsiz görünəndə… Həmişə çıxış yolu eynidir…

Özünü dəyiş – ətrafın, həyatın ona uyğun olaraq dəyişəcək.

Sənin həyatın, çevrən ruhunun güzgüsüdür.

Özünü dəyiş, hər şey dəyişəcək.

5 thoughts on “Həyat rəngsiz, saçın vız, insanlar bezdirici olanda…

Leave a comment