Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan.
Maşından əsə-əsə düşürsən.
Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan.
Səni şok bürüyür.
Tabutdakı insan SƏN özünsən.
Ən yaxın dostun sənin haqqında danışır. Ailə üzvlərin səni yada salırlar. Sən geriyə dönüb öz həyatına baxırsan…
Həyatda nələr etdim?
Nələr öyrəndim?
Xoşbəxt idimmi?
Başqalarını xoşbəxt etdimmi?
“Əşşi, hələ o vaxta çox var…” Ağlından indi bu keçir yəqin.
Yadındadırmı, 2000-ci ildə hamı dünyanın dağılacağını gözləyirdi, bütün ekstrasenslər hay-küy salmışdılar ki, dünyanın sonu çatıb. Biz də 1999-cu il 31 dekabrda qorxu (ya da yorğan-döşək) içində gecə saat 12 olmasını gözləyirdik. Bax, o hadisənin üstündən 14 il keçib. ON DÖRD il – beş min yüz gün! Sən də, mən də 14 il qocalmışıq. 14 il!
GƏLƏCƏK 14 İLLƏR DƏ BELƏ KEÇƏCƏK!
İnsanların çoxu maqazindən nisyə mal almış müştəri kimi özləri ilə üzləşməkdən qaçırlar.
Məktəbi bitirib valideynlərin seçdiyi fakültədə oxuyub qurtarır, valideynin köməyi ilə ortabab bir iş tapıb valideynin tapdığı biri ilə evlənir, uşaqları olur, saçları ağarır, dişləri tökülür və ölürlər.
Amma heç vaxt oturub papaqlarını qabaqlarına qoyub fikirləşmirlər ki, bəlkə kosmonavt olmaq, ya Antarktidaya gedib pinqvinləri araşdırmaq, ya Bora-Bora adalarına (bəli, belə bir ada mövcuddur) köçüb yaşamaq, ya da Meksika yeməkləri (mmm… burrito…) üzrə aşpaz olmaq istəyirlər?
Hərdən ürəklərindən belə dəli arzular keçir, onda var – gücləri ilə o səsi susdururlar ki, ‘BAŞIN XARAB OLUB’?
Yaşamaq (mövcud olmaq yox, doğrudan yaşamaq) cəsarət tələb edir.
Əgər bu gün etdiyin işi sevmirsənsə, həyatda olduğun yerdən razı deyilsənsə, deməli papağı qabağına qoyub mikrofonu ürəyə vermək vaxtıdır. Həyatındakı dəyişiklik etmək vaxtıdır. Oturub mızıldamaq yox, hərəkət etmək vaxtıdır. Başqalarını tənqid etmək yox, özünü inkişaf etdirmək vaxtıdır.
Ürəyindən keçənləri dinlə – arzularının, maraqlarının arxasınca get – ürəyin başı heç vaxt xarab olmur.
Bilirəm, baban bunu sənə demişdi, amma..
HƏYAT DOĞRUDAN DA ÇOX QISADIR…


