Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb o biri ilə paltar ütüləyən qadın yoldaşı evə gələndə qırmızı dodaq boyası vurub kokteyl paltarı geyinib incə və zərif dayanmalıdır. 8 Mart mesajlarında təsvir olunan qadın budur.
Başqa kişilər qədər işləyib aqressivcəsinə vəzifəsinin artırılmasını tələb edən qadın – HƏYASIZDIR.
Gününü laboratoriyada keçirib kimyəvi testlər edən qadın – ÇOXBİLMİŞDİR.
Kompüterdə proqramlar yazan qadın – GÖZÜAÇIQDIR.
Şirkət rəhbəti olan qadın – QORXULUDUR.
Oxumuş, təhsilli qadın – TƏHLÜKƏLİDİR.
Peşəkar idmanla məşğul olan qadın – qadın deyil, QAQAŞDIR.
Odur ki, valideynlər qızlarını cəmiyyətin mənfi stereotiplərindən uzaq tutmaq üçün incə, zərif, başıaşağı böyüdürlər. 8 mart mesajlarında qeyd olunan tipdə. Beləliklə, neçə-neçə potensial qadın alimləri, idmançıları, mühəndisləri itiririk. Bu stereotipləri yalnız kişilər yaratmır. Bu mənfi sözlərin çoxunu qadınlar başqa qadınlar haqda deyirlər. Bəlkə məsələyə başqa tərəfdən baxaq?
Başqa kişilər qədər işləyib aqressivcəsinə vəzifəsinin artırılmasını tələb edən qadın – CƏSARƏTLİDİR.
Gününü laboratoriyada keçirib kimyəvi testlər edən qadın – İNADKARDIR.
Kompüterdə proqramlar yazan qadın – HÜNƏRLİDİR.
Şirkət rəhbəti olan qadın – QOÇAQDIR.
Çox oxuyan, təhsilli qadın – DÜNYANI DƏYİŞMƏK GÜCÜNDƏ olandır.
Peşəkar idmanla məşğul olan qadın – MƏRDDİR.
Qadınları yalnız xarici görünüşlərinə görə kompliment eləmək qaldı Sovet dövrünün 8 martlarında.
Bu bayramı qadınları MƏNƏVİ CƏHƏTDƏN RUHLANDIRMAQ ÜÇÜN istifadə edin.
Zərif incə, gombul, çirkin, nə fərqi var?! Ətrafınızdakı qadınlarda mərdliyi dəyərləndirin, dözümlülüyü, iradəni dəyərdəndirin, məqsədyönlülüyü, çalışqanlığı dəyərləndirin.
Əziz cəsarətli, inadkar, qoçaq, mərd qızlar, bayramınız mübarək! Yaxşı ki, varsınız. HƏR BİRİNİZİ sevirəm! İncə-mincə olmasanız belə.

